19:45:18 - Pazar 9 Şub 2014
“Vahid Güney Azərbaycan təşkilatı yaradılmalıdır” – MÜSAHİBƏ
Ağrı Qaradağlı: “Çöhrəqanlının bölgədə olması Güney Azərbaycan Milli Hərəkatı üçün böyük dəstək olardı” Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəalı Ağrı Qaradağlının “OLAYLAR”a müsahibəsi. -Hazırda GAMOH-un fəaliyyəti hansı vəziyyətdədir? – GAMOH öz fəaliyyətini yenə də davam etdirir. O, Güney Azərbaycan milli hərəkatının ana təşkilatı sayılır. GAMOH hərəkatçı yetişdirən bir məktəbdir. GAMOH olaraq, Güneydə baş verən […]

Ağrı Qaradağlı: “Çöhrəqanlının bölgədə olması Güney Azərbaycan Milli Hərəkatı üçün böyük dəstək olardı”

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəalı Ağrı Qaradağlının “OLAYLAR”a müsahibəsi.

-Hazırda GAMOH-un fəaliyyəti hansı vəziyyətdədir?

– GAMOH öz fəaliyyətini yenə də davam etdirir. O, Güney Azərbaycan milli hərəkatının ana təşkilatı sayılır. GAMOH hərəkatçı yetişdirən bir məktəbdir. GAMOH olaraq, Güneydə baş verən prosesleri izləyib, analiz edirik, fəaliyyətlərimizi də o istiqamətə yönəldirik. Təşkilat UNPO-da Güney Azərbaycan hərəkatını olduğu kimi tanıtdırmaq, dünya ictimaiyyətinin diqqətini bu hərəkata yönəltmək yönündə fəaliyyətini davam etdirir.

– Ağrı bəy, Türkiyədə yaşayan güneyli fəalların siyasi aktivliyi qənaətbəxşdirmi?

– Türkiyədə yaşayan güneylilər 3 hissəyə bölünür: mültəci durumda olanlar, qanun çərçivəsində qeydiyyatda olan fəallar və tələbələr. Mültəci vəziyyətdə olanlar heç bir hüquqa sahib deyillər. İşləmək və qeydiyyatda olduqları şəhərdən kənara çıxmaq icazələri yoxdur. BMT tərəfindən hansı şəhərə yerləşdiriliblərsə, 3-cü ölkəyə göndərilənə qədər orada yaşamalıdırlar. Onlar gizli şəkildə işləməklə yaşayırlar. BMT və Türkiyə dövləti güneyli mültəcilərə maddi və mənəvi sahədə heç bir yardım etmir. Qeydiyyatda olanlar isə işləmək icazəsi alaraq normal şəkildə yaşaya bilirlər. Tələbələrin əksəriyyəti isə tərcüməçilik sahəsində işləyirlər. Türkiyədəki güneylilər imkanları daxilində bir araya gəlib fəaliyyət göstərməyə səy göstərirlər.

– GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlının Türkiyəyə səfəri planlaşdırılırmı?

– Doktor Mahmudəli Çöhrəqanlı həmişə orada yaşamağ arzu edir. Təəssüflər olsun ki, yaşamağa deyil, heç gəlməsinə icazə vermirlər. Çöhrəqanlının planında həmişə Türkiyəyə səfər etmək var. Amma bu barədə ona heç bir sevindirici xəbər verilmir. Çöhrəqanlının bölgədə olması Güney Azərbaycan Milli Hərəkatı üçün böyük dəstək olardı. İran rejimi buna görə onun regiona gəlməsini əngəlləyir.

– Bir vaxt Çöhrəqanlının DAK-da da fəaliyyəti vardı. Bəs indi vəziyyət nə yerdədir?

– Çöhrəqanlı Ukraynada keçirilən qurultayda DAK-ın Məşvərət Şurasının fəxri sədri seçilib. O, hələ də eyni statusu daşıyır. Çöhrəqanlının DAK-la əlaqələri normal şəkildə davam edir.

– Güneydə yaranan yeni təşkilatlara münasibətiniz necədir?

– Yuxarıda qeyd etdiyim kimi GAMOH Güneydə yaranan təşkilat və hərəkat üçün məktəbdir. Bir çox təşkilatların formalaşmasının adı məhz GAMOH-la bağlıdır. Yeni yaranan birliklərdə çoxlu sayda dostlarımız var. Bütün birliklərin əsas qayəsi Güney Azərbaycanın müstəqilliyinə nail olmaqdır.

– Güney Azərbaycandan Bakıya və Türkiyəyə siyasi mühacirlərin köçü varmı?

– Güney Azərbaycandan Bakı və Türkiyəyə bütün vaxtlarda köç olub. Köç edən milli fəalların əsas məqsədi fəaliyyətlərini qardaş ölkələrdə davam etdirməkdir. Lakin son zamanlarda Şimali Azərbaycana köç edən güneylilərin sayı azdır. Əksəriyyəti Türkiyəyə üz tuturlar. Türkiyə dövləti isə köçkün qəbul etmədiyi üçün müraciət edənləri BMT-yə yönəldir.

– Urmiya gölünün quruması ilə başladılan kampaniya nəticə veririrmi?

– Urmiya gölü ilə bağlı bu günədək başladılan kampaniya, etiraz aksiyası və tədbirlər effekt verib. Doğrudur, bu günədək İran rejimi tərəfindən məsələnin həlli istiqamətində heç bir addım atılmayıb. Lakin Urmiya məsələsi bir çox xarici ölkələrin diqqətini cəlb edib. Hətta bu yaxınlarda Yaponiyada olan bir qrup nümayəndə Urmiya gölünü ziyarət edib. Gölü hansı şəkildə öz vəziyyətinə qaytaracaqları barədə müzakirə apardılar.

– Güney Milli Hərəkatında sanki bir durğunluq hiss olunur. Bu nə ilə bağlıdır?

– Milli hərəkat daxilində bir xəstəlik yaranıb, hamı biri-birinin arxasınca danışır. Bu isə İran kəşfiyyatının işinə yarayır. Kəşfiyyat fəalların keçirdiyi tədbirlərə sızaraq orada səsləndirilən fikirləri montaj edərək yayır. Təəssüflər olsun ki, bu əxlaqsızlıq bəzi qruplar tərəfindən ənənəyə çevrilib. Bu cür gedişlər milli hərəkatın adına ləkə yaxır. ETTELAAT-ın dəyirmanına su tökür. Bəzi təşkilatlar isə rejimin bu cür hərəkətlərinə qarşı heç bir adekvat addım atmırlar. Məsələləri həll etmək üçün pərakəndə şəkildə fəaliyyət göstərən bütün təşkilatlar birləşməli, vahid Güney Azərbaycan Milli Hərəkatı yaranmalıdır.

 

Mənsur Rəğbətoğlu

منبع:

Yorum Kapalı/ديدگاه بسته است.

GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG GAMOH.ORG