Şahlıq rejimi zamanı (1925-1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV-XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur. Bu məktəb Kəmalləddin Behzad, Mir Müsəvvər Təbrizi, Mövlana Müzəffər Əli və digər istedadlı rəssamlar yetişdirmişdir.
Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən hər yerdə şöhrət tapıb. Londonun “Viktoriya- Albert” muzeyində saxlanan “Şeyx Səfi” xalçası Təbrizdə toxunmuşdur, o, öz dövrünün (1539) ən iri və əsrarəngiz xalçası adını qazanıb. Şah İsmayıl Xətayi tərəfindən Təbrizdə əsası qoyulmuş şah kitabxanası özünəməxsus “incəsənət akademiyası” idi. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər, naxışçılar fəaliyyət göstərirdilər. İncəsənətin aparıcı sahələrindən biri elə xəttatlıq, kitab üzü köçürmə işi idi. Kitab nəşri texnologiyası Şərq xalqlarına məlum deyildi. Şah İsmayılın varisləri də ədəbiyyat və incəsənətin himayəçiləri idilər. Onların özləri də yaradıcılıqla məşqul durdular. İrandakı bir çox memarlıq abidələrini, o cümlədən Təbriz və İsfahandakı bütün memarlıq abidələrini türklər tikmişlər. Pəhləvi recimi dövründə Güney Azərbaycanda incəsənətin heykəltaraşlıq və rəssamlıq kimi sahələrinin inkişafına mane olmaqdan əlavə, bir sıra mövcud tarixi abidələr sıradan çıxarılıb, bir çoxları isə fars abidələri kimi qələmə verilib. Məsələn, Təbriz milli parkında olan “Şah gölü” (El gölü)ndəki aşıq abidəsi götürülmüşdür.
Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur. Xüsusilə Tehranın Arxeologiya Muzeyindəki eksponatlar-Təbrizdən bir az aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Zaviyə və s. təpələrdən yaxın vaxtlarda tapılmış abidələr, əşyalar Azərbaycanın qədim tarix və mədəniyyətini işıqlandıra bilən qiymətli sənət əsərləridir. Pəhləvi recimi dövründə Cənubi Azərbaycanın mühüm muzeyləri Təbriz, Urmiy, Xoy və Miyandabda idi. İslam inqilabından sonra bir sıra adlar kimi Güney Azərbaycandakı muzeylərin də adları dəyişdirildi və bir neçə yeni muzeylər yaradıldı. Belə ki, 1962-ci ildə Təbrizdə təsis edilmiş “Şərqi Azərbaycan Muzeyi” indi “Azərbaycan Muzeyi” adlanır və bu muzeydə 2.300-ə yaxın nadir tarixi eksponat, milli geyim, təsviri və tətbiqi incəsənət, o cümlədən Əhəd Hüseyni tərəfindən hazırlanmış heykəltaraşlıq nümunələri saxlanılır. Muzeydə Məşrutə inqilabına aid ayrıca bir salon fəaliyyət göstərir. Bundan başqa, Təbrizdə “Zoologiya” muzeyi də fəaliyyət göstərir. Təbrizdəki Darülfünun Şərqdə ilk universitetlərdən olmuşdur.
1888-ci ildə M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir. II dünya müharibəsindən bugünə kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və curnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, kino-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana, Xiyabaniyə heykəllər ucadılmışdır. Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və “Tərbiyət kitabxanası” Cənubi Azərbaycanın ən böyük kitabxanalarıdır.
Cənubi Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 80-ci illərdə rodio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yanlız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir. Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir. Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloci yeniləşmə və keyfiyyət dəyişikliklərinə baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.
MƏTBUAT
Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur. Milli hökumətin devrilməsindən 1978-79-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 1978-79-cu illər inqilabı ərəfəsində İranda demokratik, o cümlədən türkcə mətbuatın nəşrinə imkan yarandı. İnqilabdan keçən sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində “Odlar yurdu”, “Çənlibel”, “Araz”, “Molla Nəsrəddin”, “Azərbaycan”, “Vətən uğrunda”, “Oxtay”, “Səttar xan bayrağı”, “İrəli”, “Muştuluq”, “Bahari-Azərbaycan”, “Ayəndeyi-Azərbaycan” kimi qəzetlər və “Koroğlu”, “Birlik”, “Azadlıq”, “Qardaşlıq”, “Varlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda”, “Azərbaycan səsi”, “Günəş”, “Ülkər”, “Yeni yol” kimi curnallar çap edilərək yayıldı. Bu mətbuait orqanlarında İran, o cümlədən Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinə, onların çətinlik və ehtiyaclarını əks etdirən yazılara çox yer verilirdi. Bununla yanaşı, türkcə mətbuat səhifələrində Azərbaycan xalqının tarixi, onun mədəniyyəti, dili və ədəbiyyatının işıqlandırılması və populyarlaşdırılması da əhəmiyyətli yer tuturdu.
İranın yeni hakim dairələrinin İran İslam Respblikası rəhbərliyinin qeyri-fars xalqların milli demokratik hərəkatlarına mənfi münasibəti 1980-1981-ci illərdə türkcə mətbuat orqanlarının, demək olar ki, əksəriyyətinin nəşrinin dayandırılması üçün başlıca səbəblərdən biri oldu. Bütün bu proseslərdə ana dildində öz çapını davam etdirə bilən yeganə curnal Tehrandadır. Cavad Heyətin redaktorluğu ilə çıxan “Varlıq” curnalı idi. Onunla yanaşı “Fəcri-Azərbaycan”, “Ümidi-Zəncan”, “Ərk”, “Ərdəbil”, “Əhrar”, “Keyhan” və bu kimi qəzet və curnallar da nəşr olunmağa başladı. Qeyd edilməlidir ki, həmin nəşrlər iki dildə – fars və türk dillərində çap olunur.
TEATR
1871-74-cü illərdə M.F.Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək İranda yayılması Cənubi Azərbaycanda teatr sənətinə marağı artırmışdı. İlk teatr 1905-11-ci illər İran inqilabı dövründə yaradılmışdı. 1909-21-ci illərdə “Azərbaycan artistləri dəstəsi” fəaliyyət göstərmişdir. 1920-ci ildə Təbrizdə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə ilk teatr binası – “Xeyriyyə teatrı” tikildi. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu. Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövət Teatrı yaradılmışdı. 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasıda fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yanlız qısa bir müddət ərzində (1948-1949) Tehranın “Ziba” teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir.
Türk dilində tamaşa və göstərilər qadağan edildikdən sonra S.Səbahi 10 ilə yaxın müddətdə (1949-1959) 40-dan çox bədii əsəri, o cümlədən C.Cabbarlının, M.F.Axundzadənin, H.Cavidin, Ü.Hacıbəylinin əsərlərini fars dilində tamaşaya qoyur. 30 ilə yaxın müddətdə səhnədə fars dilində əsərləri ifa edən azərbaycanlı aktyorlar peşəkar sənətçi kimi də bütün ölkə tamaşaçılarının rəğbətini qazanmış və 1978-79-cu illər inqilabından dərhal sonra türk dilində tamaşaların yüksək səviyyədə səhnəyə gətirilməsi üzərində çalışmışlar. Nəticədə bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilmişdir. Bir sıra komik əsərlərdə baş rolda çıxış edən azərbaycanlı Haşım Çavuşi bütün İranda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar. 1994-cü ildə gənc azərbaycanlı recissor Hüseyn Lələ türkcədə “Alın yazısı” adlı tamaşa və sonra dahi sənətkar M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın “Vəhdət” adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda minlərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin recissorun səyi nəticəsində Bakı teatr salonlarında səhnəyə çıxarılmışdır.
MUSİQİ
Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən bu tayda bəstələnmiş və orada yayılmış bir sıra xalq mahnıları və havaları “məhəlli nəğmə” adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar 90-cı illərədək bu tayda da (Şimali Azərbaycanda) anonim qalmışdı. 1979-cu ildən bu tərəfə Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş vermişdir. Daim sənətkar kimi formalaşmış bəstəkar Əli Səliminin bu illərdə “Fantaziya”, “Elim, günüm, şövkətim”, “Ceyran sevgilim” və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dünyada məşhurlaşdı. Onun “Aman, ayrılıq”, “Sizə salam gətirmişəm” mahnıları bütün dünya azərbaycanlıları arasında çox məşhurdur. Orta musiqi təhilini Bakıda alan Ə.Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.
Güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biri olub. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Sevil” operasında baş rolda çıxış edib. Vətənpərvər muğənni Araz Elsəs, Almaniyada yaşayan və gözəl səsi olan Yaqub Zurufçu azərbaycanlılar arasında çox populyardır. Avropa və Amerikanın bir çox şəhərlərində muhacirət həyatı yaşayan çoxlu cənublu sənətçilər vardır. Onların arasında Ə.Bekkalam, İ.Əhrari bu gün dünyanın sayılan rəssamlardandır.
ƏDƏBİYYAT
XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə.Qaracadaği, M.Aciz, M.Dilsuz, H.M.Şükuhi, H.R.Sərraf, M.Ə.Ləli, M.Hidəci və b. lirik şerin gözəl nümunələrini yaratmışdır. Ə.Raci və bir çox başqa şairlər lirik şerlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M.Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı. Bu dövrdə M.F.Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M.F.Axundzadənin davamçıları Z.Marağayi və M.Ə.Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı.
20-ci əsrin 20-ci illərində bütün İran ədəbiyyatında yeniləşmə başlandı. İranda yeni şerin təməli “Təcəddüd” (Ş.Ə.Xiyabaninin rəhbərliyi ilə) qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmayi kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şerin əsası qoyulmuşdur.
M.Siqqətülislam, Ə.Səfərov, S.Səlmasi, Ş.M.Xiyabani və başqaları realist demokratik Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər. Sabir ədəbi məktəbinin görkəmli davamçısı M.Möcüzün, B.Abbaszadənin satirik şerlərində ictimai eybəcərliklər kəskin tənqid olunurdu. Güney Azərbaycan tarixində Məşrutiə hərəkatı milli istiqlaliyyətin, mübarizə tarixinin başlanğıcıdır. Ş.M.Xiyabani hərəkatı onun başlanmasına təkan verdi. Demokratik ədəbiyyatın yaranması S.C.Pişəvərinin rəhbərlik etdiyi dövrə düşdü. Beləliklə, 1905-1911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917-1920-ci illərdə “Təcəddüd” (yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 1978-1979-ci illərin inqilabı ilə Güney Azərbaycanda təzə ab-hava yaranmağa başlasa da o, uzun çəkmədi.
1946-cı ildə Milli hökumət tərəfindən təşkil edilmiş “Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti”nin bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici ölkələrə mühacirət etdi, bir hissəsi isə gizli iş şəraitinə keçdi. Təqribən 60-cı illərə qədər Azərbaycan mədəni həyatında durğunluq yarandı. 1945-ci ildə çıxan M.Şəhriyarın “Heydərbabaya salam” poeması bütün Yaxın və Orta Şərq mühitində görkəmli bir ədəbi hadisə kimi qarşılandı. Çağdaş fars şerlərinin ustadı sayılan M.Şəhriyar öz ədəbi istiqamətini dəyişərək Azərbaycan türkcəsində yazdığı yeni şerləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin bünövrəsini qoydu.
Şah reciminin farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat 50-70-ci illərdə inkişafdan qalmamışdır (Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda və b.). Azərbaycan folklorunun toplanması və nəşri sahəsində müəyyən tədqiqi işlər görülmüşdür (S.Behrəngi, M.Fərzanə, S.Cavid, A.Təbrizi, M.Tərbiyət, M.Təbrizi, H.Məmmədzadə, Q.Kəndli, Q.Biqdeli, M.Müsəddiq, M.Mənafi, C.Müciri və başqaları)
1978-1979-cu ilər İran islam inqilabından sonra keçən qısa bir müddət ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr edildi. Onların bir neçəsi təkrar işıq üzü gördü.