خبر را در صفحه اصلی ببینید
خبر را چاپ کنید
14/02/09 19:49
شناسه خبر : 542

Səid Quşçu: “GAMOH Cənubi Azərbaycanın ikinci Qarabağ olmasına icazə verməyəcək”

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü, təşkilatın Avstraliyadakı nümayəndəsi Səid Quşçunun “Olaylar”a müsahibəsi. – Səid bəy, İran Cənubi Azərbaycanda yaşayan türklərə qarşı “kürd kartı”nı işə salıb. Sizcə, bu nə ilə əlaqədardır? – Son zamanlarda Qərbin bölgədə “Kürdüstan” dövləti yaratmaq istəyindən sui-istifadə edən İran bunu öz lehinə çevirməyə çalışır. İran kürdlər vasitəsilə su […] ...

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü, təşkilatın Avstraliyadakı nümayəndəsi Səid Quşçunun “Olaylar”a müsahibəsi.

– Səid bəy, İran Cənubi Azərbaycanda yaşayan türklərə qarşı “kürd kartı”nı işə salıb. Sizcə, bu nə ilə əlaqədardır?

– Son zamanlarda Qərbin bölgədə “Kürdüstan” dövləti yaratmaq istəyindən sui-istifadə edən İran bunu öz lehinə çevirməyə çalışır. İran kürdlər vasitəsilə su bulandıraraq qeyri-farsları üz-üzə qoyaraq siyasi divident əldə etmək niyyətindədir. Molla rejimi mənafeyini millətlər qarşıdurması yaratmaqla həyata keçirməyi planlaşdırır. Yürüdülən siyasətin iç üzü var. Məlumdur ki, molla rejimi İranda hakimiyyəti ələ keçirdikdən sonra o da Pəhləvilərin farsçılıq ideologiyasının üzərində dayandı. Bu çərçivədə Güney Azərbaycanda yaşayan türklərə qarşı müxtəlif siyasi, iqtisadi və sosial təzyiq metodlarını sınamağa başladı. Mollalar Güneydə qəsdən təhlükələr yaradaraq türklərin tarixi ərazilərindən icbari köç etməyə məcbur edirlər. Kürdlər bu istiqamətdə İran hakimiyyətinin türklərə qarşı istifadə edə biləcəyi əsas silahdır. İndiki məqamda da kürdlər İranın Güney Azərbaycan siyasətində mühüm rol oynayırlar. Məhz kürd separatçılarının məntiqsiz Güney Azərbaycan iddialarının arxasında İran dayanır.

 Maraqlıdır, İran Azərbaycan adından niyə bu qədər narahatdır?

– Əmin olun ki, əgər Güney Azərbaycan Milli Hərəkatı və xarici ölkələrdə yaşayan azərbaycanlıların məkrli siyasətə qarşı mübarizəsi olmasa, teokratik rejim təkcə türklərə məxsus tarixi şəhər, kənd və digər yerlərin adını dəyişdirməklə kifayətlənməyəcək. Bu gün planlı şəkildə ərazisi kiçildilən Qərbi və Şərqi Azərbaycan vilayətləri tamamilə farsların adına “tarixiləşdirilərdi”. Eyni zamanda türkləri məqsədi şəkildə köçə məcbur edən İran azərbaycanlıları tarixi ərazilərindən sürgün edərdi. Lakin Güney Azərbaycan Milli Hərəkatı rejimin planları qarşısında keçirilməz maneələr yaratmağı bacarır.

– Bəs, sizin Cənubi Azərbaycanla bağlı fəaliyətiniz nədən ibarətdir?

– GAMOH İdarə Heyətinin üzvü və təşkilatın Avstraliyadakı nümayəndəsi kimi bizim də bu istiqamətdə müsbət fəaliyyətimiz var. Xalqımızın milli və mədəni haqlarının müdafiə edilməsində bir sıra addımlar atırıq. Güneylilərin milli müqəddaratının müdafiə edilməsi, haqlarımızın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq əsas məqsədimizdir. Milli maraqlarımızın müdafiə edilməsi, millətləşmək, dövlətləşmək və bütövləşmək qarşımızda duran əsas vəzifədir. Avstraliya və digər ölkələrdə də bu yöndə addımlar atırıq.

– Cənublu türkləri üçün əsas qayə nədən ibarətdir?

– Güney Azərbaycan Milli Hərəkatının əsas məqsədi müstəqilliyə nail olmaqdır. Azərbaycanı bütövləşdirmək arzumuzdur. Məqsədimiz də bu istiqamətdədir. Ermənistan və İran təzyiqi altında olan Azərbaycan torpaqlarının azad edilməsi bizim haqqımızdır. İran adlanan yerdə əsarət altında saxlanılan 35 milyondan çox türkün milli, mədəni, siyasi və iqtisadi haqlarının qorunması türklərin əsas qayəsidir. Bizim məqsədimizə həmçinin Urmiya gölünün qurudulması kampaniyasını başa çatdırılmasına qarşı durma, İran məktəblərində türk dilinin tədris proqramına salınmasına, həmçinin həbsxanalarda saxlanılan azərbaycanlı siyasi məhbusların azadlığa çıxarılmasına nail olmaq daxildir.

– Səid bəy, Qərb və ABŞ niyə Cənubi Azərbaycan məsələsini gündəmindən çıxardı?

– Aydın məsələdir. Başda ABŞ olmaqla Qərb dövlətləri Güney Azərbaycandakı Milli Azadlıq Hərəkatında maraqlı deyillər. İkinci güclü türk dövlətinin yaranması müttəfiqlərin siyasi və iqtisadi planlarını təhlükə altına sala bilər. Regionda baş verən proseslər bunu açıq şəkildə göstərir. Güney Azərbaycan Milli Hərəkatı xalq içərisində yaranmış bir ulusun mübarizəsidir. Heç bir xarici dövlət və beynəlxalq təşkilatın adı ilə bağlı deyil. Təbii ki, satılmayan hərəkatı dəstəkləmək ABŞ və Qərbin maraqlarını əks etdirmir.

– Həsən Ruhani hakimiyyətə keçməmişdən qabaq türklərə müəyyən vədlər verdi. Lakin prezident seçilən kimi Ruhani də sələfi Əhmədinejadln qaldığı yerdən davam etdi. Nə baş verir?

– Bu anormal gözlənilirdi. Məlum idi ki, Ruhani də siyasi məqsədinə çatmaq üçün sələflərinin ənənəsinə davam edəcəkdi. İran prezidenti sadəcə olaraq yazılmış ssenarinin bir oyunçusudur. Rejim yalnız mütləqliyinin güclənməsinə çalışır. Həmişə İranda keçirilən bütün prezident seçkilərindən qabaq türklərin səs çoxluğundan məqsədləri üçün istifadə edirlər. Əməl edilməyən şirin vədlərin verilməsi sırf hakimiyyət niyyətləri üçündür. Amma İran rejimi çox gözəl başa düşür ki, türklər bir də onun məqsədli oyunlarına getməyəcəklər. Çünki onlar oyanıblar. Heç vaxt boş vədlərə aldanmayacaqlar.

– GAMOH-un bu istiqamətdəki fəaliyyətini qənaətbəxş saymaq olarmı?

– GAMOH bu mövzuda digər təşkilat və milli fəallarla birlikdə Güney Azərbaycanın təkrar parçalanması planının qarşısında dayanacaq. GAMOH-un əsas məqsədi tam güc və potensialını xərcləməklə ikinci Qarabağın yaranmasına icazə verməyəcək. GAMOH heç vaxt kimlərinsə, bütöv Azərbaycana qarşı torpaq iddialarını bağışlamayacaq.

– Vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?

– Kürd seperatçılarının Azərbaycana qarşı ərazi iddiaları getdikcə ciddiləşir. İran rejiminin dəstəyilə Qərbin Azərbaycan vilayətlərinə kütləvi kürd axınının təşkil edilməsi bu gün üzə çıxır. Onların əsas məqsədi türkləri tapdalayaraq məhv etmək, ərazilərini kişiltməklə yox etməkdir. İran çalışır ki, türklər öz ərazilərini kürd və farslara güzəştə getsinlər. GAMOH bütün təşkilatları, milli fəalları və bütün türkləri mübarizəyə çağırır. Biz öz yolumuza çiyin-çiyinə davam etməliyik. Bizlər yalnız birlik olaraq zəfər qazana bilərik.

– Səid bəy, son olaraq nə demək istəyirsiniz?

– Güc birlikdədir. Gələcək AZƏRBAYCANındır.